16.12.2025
Səudiyyə Ərəbistanı Krallığında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 14-15 dekabr tarixlərində Krallığın paytaxtı Ər-Riyad şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak etmişdir.
BMT Sivilizasiyalar Alyansının “Çoxqütblü dünyada bəşəriyyət naminə dialoqda qarşılıqlı hörmət və anlaşmanın yeni erası” mövzusuna həsr olunmuş XI Forumunun rəsmi açılış mərasimində Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Naziri Əlahəzrət Şahzadə Faysal bin Fərhan Al Səud, Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antonio Quterres, BMT Baş Katibinin müavini - UNAOC üzrə Ali Nümayəndə və Birləşmiş Millətlər Təşkilatının İslamofobiya ilə Mübarizə üzrə Xüsusi Elçisi Migel Anhel Moratinos, İspaniyanın İnklüzivlik, Sosial Müdafiə və Miqrasiya Naziri xanım Elma Saiz Delqado, Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri, sabiq baş nazir Binəli Yıldırım, İspaniyanın sabiq Baş Naziri Xose Luis Rodriges Zapatero, Müsəlman Dünyası Liqasının Baş Katibi Şeyx dr. Məhəmməd bin Əbdülkərim Əl-İssa çıxış etdilər.
Şeyxülislam A. Paşazadə İordaniya şahzadəsi Əlahəzrət Rim Alinin moderatorluq etdiyi "Bəşəriyyətə İnam: Dinlərarası Dialoq Sülh və Bir Bəşəriyyət yoluna aparan körpüdür" adlı plenar sessiyada çıxış edib. Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev cənablarının xeyir-dualarını və ən xoş arzularını forum iştirakçılarına yetirən QMİ sədri A.Paşazadə BMT Sivilizasiyalar Alyansının iki onillik fəaliyyəti ilə özünü bəşəriyyətin mənafeyinə xidmət edən, qlobal problemlərin həllində dövlət, ictimaiyyət və din nümayəndələrinin birgə əməkdaşlığının inkişafına töhfə verən mühüm beynəlxalq platforma olaraq təsdiq etdiyini və qurumun sülh və gələcəyə dair qlobal problemlərin həlli yönündə nailiyyətlərinin təqdirəlayiq olduğunu vurğulayıb.
Şeyxülislam A. Paşazadə müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında körpülərin qurulması, birgəyaşayışı əks etdirən dəyərli tarixi təcrübəyə, dinlərarası tolerantlıq, məzhəblərarası anlaşma modelinə malik Azərbaycan dövlətinin BMT Sivilizasiyalar Alyansı ilə bəşəri mənafelər naminə əməkdaşlığı yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Bildirib ki, Azərbaycanda keçirilən ənənəvi Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları Azərbaycan Prezidentinin müəllifi olduğu Bakı Prosesinin tərəfdaşı olan Sivilizasiyalar Alyansı ilə birgə əməkdaşlığımızın gözəl nəticələridir. Əlavə edib ki, Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna evsahibliyi etmiş Azərbaycanın bəşərin nəfinə BMT Sivilizasiyalar Alyansı ilə əməkdaşlığı qarşıda nəzərdə tutulan birgə tədbirlərlə davam edəcəkdir. Şeyxülislam A. Paşazadə Azərbaycanın BMT-nin məlum qətnamələri əsasında işğaldan azad etdiyi Qarabağda vandalizmə məruz qalmış dini-mənəvi irsini dirçəltdiyini, ölkəmizin bütün dinlərə məxsus məbədləri bərpa və yenidən quraraq bu gün bölgədə və dünya müstəvisində sülh gündəliyində fəal iştirakını, insan həmrəyliyinə xidmət edən təşəbbüslərin önündə getməsini fəxrlə qeyd edib.
Şeyxülislam A. Paşazadənin çıxış etdiyi plenar iclasda, həmçinin, İSESKO-nun Baş direktoru dr.Salim əl-Malik, Ekumenik kilsənin baş Mitropoliti Emanuil Adamakis, KAlCllD Beynəlxalq Dialoq Mərkəzinin baş katib əvəzi Antonio Almeyda Ribeyro və b.çıxış etdilər.
Şeyxülislam A.Paşazadə mötəbər Forum çərçivəsində ikitərəfli görüşlər keçirmişdir. Səudiyyə Ərəbistanı Krallığı Xarici İşlər nazirinin müavini Vəlid Əlxreyci, BMT Baş Katibinin müavini - UNAOC üzrə Ali Nümayəndə və Birləşmiş Millətlər Təşkilatının İslamofobiya ilə Mübarizə üzrə Xüsusi Elçisi Migel Anhel Moratinos, İSESKO-nun Baş direktoru dr. Salim əl-Malik, Ekumenik kilsənin baş Mitropoliti Emanuil Adamakis, Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri, keçmiş baş nazir Binəli Yıldırım və Özbəkistanın İslam Sivilizasiyası Mərkəzinin rəhbəri Firdaus Abdulxalikov ilə görüşüb. Səmimi şəraitdə keçən ikitərəfli görüşlərdə ikitərəfli əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə olunub, qarşıdakı fəaliyyətlər barədə məhsuldar fikir mübadiləsi aparılıb.
QMİ-nin Mətbuat Xidməti
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!


