• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində Şeyxülislam A. Paşazadə həzrətlərinin çıxışı

  • 2026-03-05
  •  
  • 3



İftar mərasiminin möhtərəm iştirakçıları!

Müqəddəs Ramazan ayında Sizləri salamlayır, hamınıza – möhtərəm dövlət və din xadimlərinə, millət vəkillərinə, hörmətli səfirlərə, diplomatik korpus nümayəndələrinə, Azərbaycandakı dini konfessiyaların möhtərəm başçılarına Xoş gəlmişsiniz deyirəm. Heydər Əliyev Fondunun vitse-prezidenti, humanizm və xeyirxahlıq örnəyi kimi tanınan Leyla xanım Əliyevanın bu mübarək gündə İftar mərasimimizə təşrif buyurmasını xüsusi minnətdarlıqla qeyd edir, şəxsinə və bütün möhtərəm ailə üzvlərinə Uca Allahdan xeyir-dualar diləyirəm.

Möhtərəm məclis iştirakçıları! Qurani-Kərimin nazil olduğu, duaların qəbul olunduğu mübarək Ramazanın İftar mərasimində görüşmək Uca Allahın Lütfündəndir. Allah-Təala Qurani-Kərimdə bizlərə buyurur ki:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ

"Ey iman gətirənlər! Oruc sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, təqvalı olasınız" (Bəqərə,183).

Bu il müqəddəs Ramazan ayının xristianların Müjdə bayramı və yəhudilərin Purim bayramı ilə qovuşması da Ulu Yaradanımızın Lütfü-Kəramətidir.

Möhtərəm qonaqlar! Azərbaycandakı dövlət-din münasibətlərinin yüksək səviyyəsi, multikultural ənənələrimiz kimi bu qardaşlıq məclisi ənənəsi də bizlərə dahi dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin əmanətidir. Allaha şükürlər olsun ki, Zati-aliləri İlham Əliyev cənablarının müdrik siyasi təfəkkürü ilə dövlətçiliyimiz bu gün davamlı inkişaf, inamla tərəqqi edir. Qarabağ Zəfərinin müəllifi - müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən Azərbaycan xalqını və rəşadətli Azərbaycan Ordusunu Uca Yaradan hər zaman hifz etsin! Uca Allah Vətən torpağı uğrunda canını fəda etmiş bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa bəxş etsin!

Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə sadiqdir və onları göz bəbəyi kimi qoruyur. Bu gün Azərbaycan bölgədə iqtisadi, siyasi, mədəni sahələrdə liderliyi ilə yanaşı, dünya çapında dini-mənəvi dəyərlərin inkişafına, sivilizasiyalararası dialoq prosesinə böyük töhfələr verən mərkəz kimi tanınmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyev cənabları Böyük Qarabağ Zəfərinin ardınca Azərbaycan xalqına qlobal siyasi-diplomatik müstəvidə tarixi əhəmiyyətli qələbələr və nüfuzlu beynəlxalq mükafatların qürurunu bəxş etməkdədir. Zati-alilərinin xeyir-duası ilə təmsil olunduğum Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Ət-Tayyib və mərhum Roma Papası Fransisk tərəfindən imzalanmış sənəd əsasında təsis olunmuş mötəbər Beynəlxalq “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunmağı Azərbaycan Prezidentinin Uca Yaradana xoş gedən səy və əməllərinin bəşər ailəsi tərəfindən dəyərləndirilməsinin təzahürüdür. Heç şübhəsiz ki, möhtərəm Prezidentimizin dünya miqyasında insan qardaşlığına xidmət edən ideya və təşəbbüsləri Azərbaycan dövlətinə beynəlxalq müstəvidə yenilməzlik, etimad və ehtiram qazandırır. Biz bunun qürurunu səfər etdiyimiz bütün xarici ölkələrdə, dəvət olunduğumuz bütün mötəbər tədbirlərdə yaşayırıq. Bu yaxınlarda Vatikanda Zati-müqəddəsləri Papa 14-cü Leo ilə görüşümüz Pontifikin ilk müsəlman dini liderlə görüşü olması ilə yanaşı Azərbaycan dövlətinə olan ehtiramının təzahürü oldu. Bəli, Müqəddəs Taxt-Tacla Azərbaycan dövləti arasında yüksələn xətlə inkişaf edən münasibətlər, dövlət səfərləri, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun xəttilə Vatikanda tarixi dini abidələrin, katakombaların bərpasına böyük töhfələr mühüm əhəmiyyətli addımlar olub mövcud dini-mənəvi əlaqələrimizin daha da dərinləşməsinə rəvac verir. Dinlərarası dialoq müstəvisində əməkdaşlığımızın rəmzi və mühüm hadisələrindən biri – builki Ramazan ayı ərzində Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Romada keçiriləcək müqəddəs İftar süfrəsi olacaq, inşaAllah! Zati-müqəddəsləri Papa 14-cü Leonu təmsil edəcək Vatikanın dövlət katibi Kardinal Pyetro Parolinin, İtaliyada və Müqəddəs Taxt-Tacda akkreditə olunmuş çoxsaylı diplomatik nümayəndəliklərin, dövlət, din, ictimaiyyət nümayəndələrinin iştirak edəcəyi İftar süfrəsi Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq işinə real töhfəsi olacaq.

Şükürlər olsun, Azərbaycan xalq-dövlət birliyi sayəsində rəşadətli Ordusunun gücü ilə tarixi ədaləti - ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Qarabağda bu gün məscidlər bərpa olunur, Azan səsləri ucalır, bayram namazları qılınır. Azad Qarabağda erməni vandallarının dağıtdığı dini-mənəvi abidələrimizin bərpası, Qarabağa böyük Qayıdış, Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində görülən misilsiz işlər, soydaşlarımızın Qərbi Azərbaycana qayıdışı istiqamətində ardıcıl səyləri qəlbimizi fəxarətlə döyündürür. Sülh istiqamətində atılan tarixi addımlar, Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyevin Vaşinqtonda Sülh Şurasının ilk görüşündə iştirakı, qlobal sülhə töhfələri ilə iftixar duyuruq. Biz dövlət rəhbərimizin bəşəri əhəmiyyətli ideyalarından ilham alaraq bir çox beynəlxalq tribunalardan Azərbaycanın multikulturalizm və tolerantlıq modelini, məzhəblərarası anlaşmanın nadir təcrübəsini böyük qürurla təqdim edirik.

Möhtərəm qonaqlar! Azərbaycan İslam dünyasının ayrılmaz parçası olaraq dünyada İslam dəyərlərini, maraq və mənafelərini müdafiə edən, dünya çapında İslam həmrəyliyinə öz əməli töhfələrini verən, İslamofobiyaya qarşı qətiyyətli mövqeyini nümayiş etdirən dövlətdir. Bu gün tədbirimizdə iştirak edən müsəlman ölkələrinin möhtərəm səfirlərinin İslam dünyasında birlik və həmrəyliyin, xalqlarımız arasında mədəni-mənəvi əlaqələrin inkişafı istiqamətində əməli töhfələrini minnətdarlıqla vurğulamaq istərdim. Ramazan ayı və qarşıdan gələn Eydül-Fitr bayramı münasibətilə hamını səmimi qəlbdən təbrik edir, qardaş xalqlarımıza və ölkələrimizə, bütün müsəlman ümmətinə xeyir-dualar edirəm, rifah və tərəqqi diləyirəm. Dualar edirik ki, Uca Allah dünyaya sülh və əmin-amanlıq bəxş etsin, dünyada baş verən münaqişə və müharibələr, problemlər tezliklə sülh, diplomatiya yolu ilə başa çatsın, ədalət bərqərar olsun, inşaAllah!
Allah-Təala bu gün İftar mərasimimizdə iştirak edən bütün qardaş dövlətlərin xalqlarını, müdrik dövlət rəhbərlərini, bütün İslam ümmətini hər zaman ucada qərar versin! Bu müqəddəs və mübarək Ramazan ayında Zati-aliləri Prezidentimiz İlham Əliyev cənablarına, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və bu gün İftar mərasimimizə təşrif buyurmuş Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya ən gözəl arzularımızı yetiririk. Uca Allah hər zaman xalqımızı, dövlətimizi, dövlət başçımızı qorusun, yardımçımız olsun!

Müqəddəs Ramazan mərasiminə dəvət olunan mötəbər qonaqlara, siyasi, ictimai xadimlərə, dini konfessiyaların başçılarına, diplomatik nümayəndələrə bir daha “Xoş gəlmisiniz!” deyir, ərəfəsində olduğumuz elimizin qədim bayramı Novruz münasibətilə hər birinizi təbrik edir, Allahdan xeyir-dualar diləyirəm.

Allah-Təala Azərbaycanı və dünyanı hifz etsin! Amin!

Son xəbərlər

2026-03-05

Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində Şeyxülislam A. Paş...

2026-03-05

Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib...

2026-02-27

QMİ-də XVII Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları ilə g...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024