İyulun 21-də Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini müfti Salman Musayev "Dinlər Sülh Uğrunda" Beynəlxalq Təşkilatının həmprezidenti yepiskop Dr. Munib Younanı qəbul edib.
Qonağa Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin salam-dualarını yetirən müfti Salman Musayev tanınmış din xadimi ilə yenidən Bakıda görüşməkdən məmnunluğunu vurğulayıb. Müfti QMİ-nin təşkilatçılığı ilə həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq tədbirlərdə Dr. Munib Younanın fəal iştirakını xüsusi qeyd edib.
QMİ sədrinin birinci müavini müfti ölkəmizdəki dini mühit, dinlər və mədəniyyətlər arasında formalaşan mehriban münasibətlər barədə geniş məlunat verib. Şeyxülislam Allahşükür Paşazadənin sədrlik etdiyi Azərbaycandakı Dini Konfessiyaların Məşvərət Şurasının həyata keçirdiyi işlərdən danışıb.
Qonaq Azərbaycanın tolerantlıq mühitini yüksək qiymətləndirib, ölkəmizin indiki narahat dünyada mədəniyyətlərarası dialoqa mühüm töhfələr verdiyini xüsusu qeyd edib. Yepiskop Dr. Munib Younan Şeyxülislam Allahşükür Paşazadə həzrətləri kimi nüfuzlu din xadimi ilə "Dinlər Sülh Uğrunda" Beynəlxalq Təşkilatında həmprezidenti vəzifəsində təmsil olunmasından qürur duyduğunu dilə gətirib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


