Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Qərbi Azərbaycan İcması ilə birgə konfrans keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və “Qurani-Kərim”dən ayələrin tilavəti ilə başlayıb.
Çıxış edən QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Qərbi Azərbaycan İcmasının 2022-ci ildə təsis olunması dövlətimizin başçısının uzaqgörən siyasətinin təzahürüdür və soydaşlarımızın doğma yurdlarına qayıdışı dövlət siyasətinin mühüm istiqamətidir. O, Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq platformalarda Qərbi Azərbaycanla bağlı həqiqətləri mütəmadi gündəmə gətirdiyini diqqətə çatdırıb.
Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli İrəvanın və ümumilikdə Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsindən bəhs edərək, bu ərazilərdə mövcud olmuş məscidlərin, qəbiristanlıqların, memarlıq abidələrinin sistemli şəkildə məhv edildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, bu irsin qorunması və bərpası məsələsi təkcə milli deyil, beynəlxalq hüquq və insan haqları kontekstində də mühüm əhəmiyyət daşıyır. Tədbirin əhəmiyyətinə toxunan icma sədri belə görüşlərin ictimai həmrəyliyin möhkəmləndirilməsi, tarixi həqiqətlərin təbliği və qayıdış ideyasının daha geniş miqyasda təşviqi baxımından xüsusi rol oynadığını bildirib.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, İrəvan qazısı Bəxtiyar Nəcəfov İrəvan qazılığının tarixi kökləri və fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, İrəvan qazılığı bölgədəki müsəlman icmasının dini-mənəvi həyatında xüsusi rol oynayıb. Arxiv sənədlərinə əsaslanan faktları diqqətə çatdıran qazı İrəvan mahalında çoxlu məscidin və dini təhsil ocağının mövcud olduğunu, deportasiyalar nəticəsində bu zəngin irsin və institusional dini idarəçiliyin fəaliyyətinin dayandırıldığını vurğulayıb.
Bəxtiyar Nəcəfov qeyd edib ki, hazırda İrəvan qazılığının tarixi ilə bağlı geniş tədqiqat işi aparılır və yaxın vaxtlarda bu mövzuya həsr olunmuş kitab ictimaiyyətə təqdim olunacaq. Əsər arxiv materialları və tarixi mənbələr əsasında sistemli şəkildə tərtib olunub və artıq çapa tam hazır vəziyyətə gətirilib. İrəvan qazılığının təşəkkülü, fəaliyyəti və tarixi irsi barədə elmi əsaslı məlumatlarla zəngin kitab tarixi həqiqətlərin qorunmasına xidmət edəcək.
Digər çıxış edənlər Qərbi Azərbaycan məsələsinin dövlətin strateji gündəliyində xüsusi yer tutduğunu, milli həmrəylik, tarixi ədalət və soydaşlarımızın doğma torpaqlarına qayıdışı baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıblar. Eyni zamanda, tarixi həqiqətlərin qorunması, maarifləndirmənin gücləndirilməsi və icmanın təşkilatlanmasının vacibliyini qeyd edərək şəxsi xatirələrini, müşahidələrini və dəstək mesajlarını iştirakçılarla bölüşüblər.
Şeyxülislam Allahşükür Paşazadənin çıxışı:
Azərbaycan Respublikasının Himni // Quran tilavəti
Dəyərli Millət vəkilləri, dövlət və ictimaiyyət xadimləri! ……
Möhtərəm Qazılar, Səlahiyyətli nümayəndələrimiz, İmamlar!
Hörmətli tədbir iştirakçıları!
Bugünkü iclasımız Qafqaz Müsəlmanları İdarəsi və bütün dini ictimaiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən hadisələrdən birinə həsr olunub.
Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə qəhrəman ordumuzun qazandığı Qarabağ Zəfərindən sonra hər bir azərbaycanlının qəlbi tarixi ədalətin bərpasına görə daha böyük qürur və iftixarla döyünür. Müqəddəs Vətən torpağının işğaldan, məscid və ibadətgahlarımızın əsarətdən qurtulması, əzəli torpaqlarımızda Azan səslərinin ucalması, şəhər və kəndlərimizin yenidən dirçəldilməsi, Böyük Qayıdış, Azərbaycan xalqının onilliklərlə sürən nisgilini aradan qaldırdı. Şükürlər olsun ki, Uca Allahın Lütfü və köməyi, möhtərəm dövlət rəhbərimizin öndərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəyərli fəaliyyətləri ilə xalqımız bu arzularına çatdı. Ulu Rəbbimiz Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizə, deportasiya qurbanı olmuş soydaşlarımıza rəhmət eləsin, qazilərimizə şəfa bəxş etsin!
Bu gün üzərimizə düşən ən önəmli vəzifə bu qələbənin daimi və davamlı olması naminə birgə fəaliyyət göstərməkdir. Azərbaycan dövlətinin ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra böyük əhəmiyyət kəsb edən ümdə məsələlərdən biri də tarixi ərazilərimizdə mədəni-mənəvi suverenliyimizin təmini, dini-mənəvi müstəvidə ədalətin bərpa olunmasıdır. Özəlliklə Qarabağa, Zəngəzura, Qərbi Azərbaycan torpaqlarına qayıdışın çox müstəsna əhəmiyyəti vardır və bu işdə biz din xadimlərinin də üzərinə müəyyən vəzifələr düşür.
Hər şeydən əvvəl onu demək lazımdır ki, 2022-ci ildə Qərbi Azərbaycan icmasının təsis edilməsi dövlət rəhbərimiz İlham Əliyev cənablarının uzaqgörən dövlətçilik siyasətinin parlaq təzahürü olmaqla yanaşı, erməni kilsəsi və diasporasının hələ də davam edən revanşist çağırışlarına və qərəzli ittihamlarına verilən ən təsirli cavab oldu. Tanınmış ictimai-siyasi və elm xadimi, möhtərəm Əziz müəllimin rəhbərlik etdiyi Qərbi Azərbaycan İcması tarixi həqiqətlərin və mədəni irsimizin bərpasının gündəmə gətirilməsində müstəsna xidmətlər göstərən təşkilatdır. Təşkilatın özəyini elm və mədəniyyətimizi təmsil edən tanınmış, nüfuzlu şəxslər, Qərbi Azərbaycanın ziyalı elitası təşkil edir. Təqdirəlayiq haldır ki, Ermənistandan deportasiya olunmuş həmyerlilərimizin təşkilatlanması və öz doğma yurdlarına qayıtması üçün dövlətimiz tərəfindən, bilavasitə xalqımızın müdrik öndəri İlham Əliyev cənablarının rəhbərliyi ilə, habelə Qərbi Azərbaycan İcması tərəfindən beynəlxalq müstəvidə məqsədyönlü işlər aparılır.
Qafqaz Müsəlmanları İdarəsi olaraq hər zaman öz fəaliyyətimizi və beynəlxalq əlaqələrimizi Azərbaycan dövlətinin maraq və mənafelərinə, dövlətin strateji xəttinə uyğun qururuq. Son dövrdə Qərbi Azərbaycan məsələsi ilə bağlı dövlətimizin və ölkə başçımız cənab İlham Əliyevin siyasi iradəsinə müvafiq olaraq QMİ-nin həyata keçirdiyi bütün tədbirlərdə Qərbi Azərbaycan icmasının hüquq və mənafeləri, problemin dini-mənəvi tərəfləri gündəmə gətirilir, Qərbi Azərbaycandakı dini abidələrimizlə bağlı vəziyyət, soydaşlarımızın dədə-baba yurdlarını, tarixi məscidlərimizi, müsəlman qəbristanlıqlarını ziyarət etmək hüququ xüsusi vurğulanır.
Müstəqillik dönəmində Ulu Öndər Heydər Əliyev Qərbi Azərbaycan torpaqları, oradakı mədəni-tarixi, xüsusən dini irsin tanıdılması, soydaşlarımızın yurd yerlərinə qayıdışı məsələsinə daima diqqətlə yanaşır və gündəmdə saxlayırdı. O, əminliklə vurğulayırdı ki, biz mütləq öz yurdlarımıza dönəcəyik. Azərbaycan Prezidenti Zati-aliləri cənab İlham Əliyevin vurğuladığı kimi: “İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”. Qərbi Azərbaycandan olan soydaşlarımızın qayıdışı məsələsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən dövlət siyasətinin mühüm istiqaməti kimi təsdiqləndikdən sonra QMİ bu sahədə fəaliyyətini daha da genişləndirməkdədir.
Qafqazda müsəlmanların ilk qurumu-Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi yaranan ilk gündən - 1872-ci ildən etibarən İrəvan qazılığı İdarənin tərkibində mühüm qazılıqlardan biri olmuşdur. Bu, müasir Ermənistan Respublikasının hal-hazırda əhatə etdiyi ərazidə - qədim Azərbaycan yurdu İrəvan mahalında həmin dövrdə məskunlaşmış əhalinin əksəriyyətinin məhz müsəlmanlardan ibarət olması ilə bağlı idi. Ruhani İdarəsinin arxiv materiallarına görə XIX əsrin ikinci yarısında İrəvan quberniyasında 300-dən artıq məscid, onlarla mədrəsə və İslam dininə aid olan digər ziyarətgah və pirlər fəaliyyət göstərirdi. Zəmanəsinin böyük İslam alimlərindən olan Şeyxülislam Fazıl İrəvani həzrətləri İrəvanda və Yaxın Şərqdə bu gün də onun adı ilə tanınan məşhur mədrəsəni təsis etmişdi. İrəvanda Üçmüəzzin (hazırda Eçmiədzin) qəzası üzrə - Axund Şeyx Mehdi Qazızadə, Yeni Bəyazid qəzası üzrə - Axund molla Qurban Cənnətzadə kimi tanınmış din xadimləri rəhbərlik edirdi. Hətta bunları nəzərə alan sovet hökuməti də 1943-cü ildə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin fəaliyyətinin bərpasına icazə verərkən 17 məsciddən ikisinin məhz Ermənistanda - İrəvanda və Krasnoselskdə açılmasını nəzərdə tutmuşdu. Təsadüfi deyildir ki, Ruhani İdarəsi İrəvan qazısı vəzifəsinə Qafqazın ən nüfuzlu və mötəbər din xadimlərini - Axund Abbas Fərəcovu, Hacı İbrahimi, Əkbər Babayevi təyin etmişdi. 1978-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin qurultayında Naxçıvan və İrəvan qazısı vəzifəsi İdarənin Qazısı olaraq mənə həvalə edilmişdi.
1988-1990-cı illərdə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi deportasiyası nəticəsində bölgədəki yüz minlərlə müsəlman əhalinin bütün hüquq və azadlıqlarına, o cümlədən dini etiqad azadlığına qəsd edildi. Məscidlər, ziyarətgahlar, pirlər, məzarlıqlar və digər İslam abidələri məhv edildi, milli-mədəni sərvətlərimiz talan olundu, əsrlərlə yaradılmış müsəlman sivilizasiyasının izləri silinməyə başladı. Belə bir vəziyyətdə İrəvan qazılığı da öz fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı.
Ermənistan tərəfindən işğal edilmiş ərazilərimiz Müzəffər Ali Baş Komandan Zati-aliləri Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunduqdan, dövlət suverenliyimiz tam bərpa edildikdən sonra məcburi köçkün və qaçqınlarımızın öz doğma yurdlarına kütləvi dönüşü prosesinə başlanılmışdır. Bu gün dövlət başçımızın və onun silahdaşı Mehriban xanım Əliyevanın yorulmaz səyləri ilə işğaldan azad olunmuş ərazilərimizdəki məscid və ziyarətgahlarımız bərpa olunur, yeni məscidlər inşa olunur. Dua edirik ki, Qərbi Azərbaycanda da məscidlərimiz bərpa edilsin və orada ibadət etmək bizlərə nəsib olsun, inşallah!
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası üzvləri, imamlar, ölkəmizdəki dini konfessiyaların rəhbərləri ilə birgə, elm və ictimai xadimlərin iştirakı ilə ölkə daxilində və xarici ölkələrdə iclaslar, konfranslar təşkil edir. Bu tədbirlərdə Qərbi Azərbaycana, məcburi qaçqın həyatına məruz qalmış soydaşlarımızın yurd yerlərinə qayıdışı siyasətinə dəstək nümayiş etdirilir, mövzunun daim diqqətdə saxlanılması, əməli təbliğat işlərinin aparılmasına dair tövsiyələr verilir. Bu təbliğatın daha da gücləndirilməsi məqsədi ilə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası bölgə müsəlmanlarının iradəsini ifadə edərək İrəvan qazılığının bərpasını, qazı səlahiyyətlərinin icrasının QMİ-nin sədr müavini Bəxtiyar Mustafa oğlu Nəcəfova həvalə olunması təklifini irəli sürdü və Qazılar Şurası bu təklifi yekdilliklə qəbul etdi. Hacı Bəxtiyar Nəcəfov mənşə etibarilə əslən atası İrəvanlı, anası Naxçıvanlıdır, Eçmiədzindən deportasiya olunmuş ailənin üzvüdür. Ali dini təhsil görmüş din xadimidir, cəmiyyətdə yüksək nüfuz sahibidir. Qazılar Şurasının bu namizədə etimadı böyükdür və o, Qərbi Azərbaycan İcmasında Qafqaz Müsəlmanları İdarəsini təmsil edir, icmanın işində fəal iştirak edir.
Hörmətli tədbir iştirakçıları! Məlumat üçün qeyd edim ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İdarənin tarixən təsir dairəsinə daxil olan Şimali Qafqaz və Dərbənd müftilərinin, həmçinin bölgə azərbaycanlılarının istəyini nəzərə alaraq, Dini etiqad azadlığı haqqında Qanuna uyğun olaraq nümayəndəliklərimizin və qazılıqların fəaliyyəti genişlənib. Hazırda Qafqaz Müsəlmanları İdarəsinin İstanbulda, Tiflisdə, Batumidə, Dərbənddə nümayəndəlikləri və qazılıqları fəaliyyət göstərir. Əhatə coğrafiyamızı genişləndirmək istiqamətində işlər davam edir - hazırda Vatikanda nümayəndəliyimizin yaradılması məramı ilə danışıqlar aparırıq. Qafqaz Müsəlmanları İdarəsi mərkəzi Bakıda, Azərbaycanda fəaliyyət göstərən, Azərbaycandan başqa Gürcüstan, Ermənistan, Şimali Qafqaz müsəlmanlarını ehtiva edən yeganə regional ictimai-dini təşkilatdır.
Hörmətli tədbir iştirakçıları! Azərbaycan rəhbərliyinin yaxından köməyi və Qafqaz Müsəlmanları İdarəsinin səyi nəticəsində 2009-2014-cü illərdə QMİ-nin tarixinə dair qırx min səhifəlik arxiv sənədləri Tiflisdən, həmçinin Azərbaycan tarixinə dair 500 səhifəlik sənədləri Türkiyə arxivlərindən ölkəmizə gətirilmişdir. Hörmətli professor Anar İsgəndərovun, mərhum əməkdaşımız Müqəddəs Payızovun və digərlərinin bu çətin, mürəkkəb işdə böyük zəhmətləri olmuşdur. Nəzərinizə çatdırırıq ki, göstərilən istiqamətdə fəaliyyətimiz bu gün də intensiv şəkildə davam və inkişaf etdirilir. Bizim niyyətimiz bölgədə sülh şəraitində yaşayaraq öz milli-mədəni irsimizi dirçəltmək, gələcək nəsillərə tarixi həqiqətləri çatdırmaqdır. Bu məqsədlə Müfti Hacı Salman Musayevin rəhbərliyi ilə xüsusi komissiya yaradılmış, Qərbi Azərbaycanla bağlı təbliğat işi illik tədbirlər planının zəruri tərkib hissəsi kimi qeyd edilmişdir. Komissiya müvafiq kitab və broşuraların nəşrini, Bakıda, Naxçıvanda və regionlarda müvafiq tədbirlərin təşkilini nəzərdə tutur. Yaxın günlərdə ən son nəşrlərimizdən olan “İrəvan qazılığının tarixi” kitabı diqqətinizə təqdim ediləcəkdir. (Kitab barədə müəlliflər məlumat verəcəkdir )
Bir daha sizlərə Xoş gəlmisiniz deyir, ərəfəsində olduğumuz mübarək Ramazan və Novruzun qədəmlərinin hər biriniz üçün xeyili-uğurlu olmasını diləyirəm.


