Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, multikultural irsinə ali dövlət qayğısının əsasında xalqımızın Ulu Öndəri Heydər Əliyevin müdrik dövlətçilik, azərbaycançılıq fəlsəfəsi dayanır. Bu xətt bu gün Azərbaycanda Prezident İlham Əliyev tərəfindən böyük uğurla və vüsətlə davam və inkişaf etdirilir.
AZƏRTAC xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci Görüşü çərçivəsində “Gülüstan” sarayında keçirilən “İslam dünyasının mədəni irsində Seyyid Yəhya Bakuvi zirvəsi: Mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda I Beynəlxalq konfransın plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan sivilizasiyalar, mədəniyyətlərarası dialoq və əməkdaşlıq platformaları, mütəmadi qlobal forumları ilə dünyanın gündəmindədir. Azərbaycanın tarixən İslamın mötədil dəyərlərinə əsaslanan məzhəblərarası anlaşma modelinin ideoloji bünövrəsini təşkil edən Bakuvi ideyalarının mənəvi məktəb olaraq beynəlxalq ictimaiyyətə təqdimatı ümdə məramımızdır.
"Müasir dünyada terrorizm, separatçılıq, radikalizm kimi bəşər sivilizasiyasını təhdid edən amillərin, ksenofobiya, islamofobiya təzahürlərinin, dindən sui-istifadə hallarının artdığı dönəmdə dini-mənəvi sabitliyə və məzhəblərarası anlaşmaya xidmət edən, İslamdaxili dialoq səciyyəli beynəlxalq tədbirlər olduqca aktual və zəruridir. Fəxarət duyuram ki, insan qardaşlığı, bəşəri həmrəylik diyarı Azərbaycan dünyada ən çox ehtiyac duyulan mötədil dəyərlər mərkəzi, aparıcı mənəvi-humanitar platforma kimi çıxış edir. Bu möhtəşəm tədbirin ərsəyə gəlməsində dəyərli səylərinə görə bütün həmtəşkilatçılara dərin təşəkkürümüzü ifadə edirik", - deyə QMİ-nin sədri bildirib.


