Qardaş türk dövlətlərinin dini liderlərinin 7-ci Bakı görüşü Azərbaycandan başlanan dəyərli ənənənin, məhsuldar əməkdaşlığın uğurlu davamıdır və Türk Dövlətləri Təşkilatı müstəvisində mənəvi həmrəyliyimizin dərinləşməsinə rəvac verir. Ortaq tarix və mənəvi dəyərlərə malik xalqlarımızın qardaşlıq əlaqələrini, birlik və həmrəyliyini Azərbaycan xalqının Ulu Öndəri, Türk dünyasının ağsaqqalı Heydər Əliyev zamanında çox gözəl şəkildə ifadə edərək bizi qocaman bir ağacın budaqlarına bənzətmişdi. Türk Dövlətləri Təşkilatının yaranmasına 2009-cu il tarixi Naxçıvan Zirvəsi ilə təkan vermiş Azərbaycan Prezidenti İlham Əliyevin təbirincə desək: “Türk dünyası bizim ailəmizdir”.
AZƏRTAC xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci Görüşündə çıxışı zamanı deyib.
“Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin birgə əməkdaşlığı, mütəmadi məşvərətlərindən türk-İslam birliyi faydalanır və birgə məqsədlərə doğru böyük inam və gələcəyə böyük ümidlə addımlamaqdayıq. Dövlət başçılarımızın müdrik siyasəti sayəsində dini-mənəvi dəyərlərimizə xüsusi ehtiram və qayğı yanaşılır. Bu möhtəşəm təşəbbüslərə Türk dünyasının dini liderləri olaraq öz müştərək dəstəyimizi bəyan edir və Uca Allahdan xeyir-dua diləyirik", - deyə o bildirib.


