Aprelin 15-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İspaniya Krallığının Azərbaycandakı müvəqqəti işlər vəkili Xose Pedro Torrubianı qəbul edib.
Şeyxülislam həzrətləri qonağı səmimi salamladıqdan sonra QMİ ilə İspaniya Krallığındakı müxtəlif dinləri və konfessiyaları təmsil edən mərkəzlər arasında sıx əlaqələrin qurulduğunu diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə elan olunan “İslam Həmrəyliyi ili” çərçivəsində QMİ-nin təşkilatçılığı ilə 2017-ci ildə Madriddə keçirilən beynəlxalq konfransda mühüm məsələlərin müzakirə olunduğunu xatırladıb.
Şeyxülislam Allahşükür Paşazadə BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anhel Moratinos tərəfindən bu ayın sonunda İspaniyada təşkil olunacaq “Sülh, müharibələrə son qoymaq və beynəlxalq hüquqa hörmət üçün çağırış” adlı konfransa dəvət edildiyini bildirib, tədbirin Azərbaycan üçün əhəmiyyətindən danışıb: “Beynəlxalq konfransın İspaniyanın Gernika şəhərində keçirilməsinin bizim üçün mühüm önəmi var. Çünki Azərbaycanın Xocalı şəhəri də oxşar tale yaşayıb, burada insanlığa qarşı böyük bir cinayət törədilib, qocalar, qadınlar, körpələr amansızlıqla qətlə yetirilib. Biz tədbirin tribunasından Xocalıda, Şuşada, Ağdamda və digər ərazilərimizdə ermənilərin mülki əhaliyə və dini abidələrə qarşı törətdikləri vəhşiliklər barədə geniş məlumat vermək fikrindəyik”.
QMİ sədri 44 günlük tarixi Zəfərdən sonra işğaldan azad edilən ərazilərdə dövlətimizin həyata keçirdiyi böyük quruculuq işləri barədə İspaniyalı diplomata məlumat verib. BMT Sivilizasiyalar Aylansının həmtəşkilatçılığı ilə bu il Şuşada növbəti beynəlxalq konfransın keçirilməsini nəzərdə tutulduğunu qeyd edib.
Dinlərin insanları dünyada sülhə, qardaşlığa dəvət etdiyini bildirən İspaniya Krallığının ölkəmizdəki müvəqqəti işlər vəkili Xose Pedro Torrubia Azərbaycanda dinlər, mədəniyyətlər arasında harmoniyanın yüksək səviyyəsini xüsusi qeyd edərək ölkəmizin bu sahədə qazandığı uğurların bütün dünya üçün bir nümunəvi model olduğunu vurğulayıb.
İşğaldan azad edilən Azərbaycan ərazilərinə səfərləri barədə danışan diplomat qısa müddət ərzində Qarabağda görülən işləri yüksək dəyərləndirib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!