• Bizi izləyin:
  • c.muslim.b@hotmail.com
  • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Nizamnamə
    • Qanunvericilik
    • Qazılar Şurası
    • Etika Komissiyası
    • Səlahiyyətli Nümayəndələr
    • Tarix
    • Təhsil qurumlarımız
    • İmamlar
  • Fəaliyyət
    • Fətvalar
    • Tədbirlər
    • Görüşlər
    • Bəyanatlar və Müraciətlər
    • Rəsmi Məktublar
  • Xəbərlər və Media
    • Xəbərlər
    • Press Relizlər
    • Video Qalereya
    • Foto Qalereya
  • Kitabxana
    • Kitablar
    • Məqalələr
    • Kitabxana haqqında
  • Əlaqə
  • en
Qurani Kərim
  • c

Vatikanda daha bir tarixi görüş

  • 2026-02-10
  •  
  • 40

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 9-da Vatikanda Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Roma Papası XIV Leo ilə görüşüb. Pontifikin şəxsi dəvəti ilə baş tutan audiensiyada Şeyxülislam A. Paşazadə və Azərbaycandakı dini konfessiya rəhbərləri – Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili, Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri Zamir İsayev iştirak ediblər.

Qonaqları səmimi salamlayan Papa XIV Leo Azərbaycandakı dini konfessiyaların birlikdə Vatikana səfərini sülh, insan qardaşlığı mühitində birgəyaşayışın mümkünlüyünün ən gözəl nümunəsi olaraq yüksək dəyərləndirmişdir.

QMİ sədri Şeyxülislam A. Paşazadə Azərbaycan Prezidenti İlham Əliyev cənablarının, birinci xanım Mehriban Əliyevanın, Azərbaycan xalqının səmimi salamlarını Papa XVI Leo həzrətlərinə çatdırmaqdan böyük şərəf duyduğunu ifadə edib. Bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev tərəfindən davam etdirilən və ölkəmizin Birinci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyevanın səyləri ilə inkişaf etdirilən Azərbaycan-Vatikan əlaqələrinin yüksək səviyyəsi bizi olduqca məmnun edir. Bildirib ki, mərhum Roma Papası Fransisk həzrətlərinin Azərbaycana tarixi səfəri, Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə görüşü və ölkəmizin multikultural dəyərləri, nümunəvi dinlərarası mühiti barədə xoş fikirləri hər zaman xatirimizdədir.

 Şeyxülislam A. Paşazadə xüsusi qeyd edib ki, Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əlaqələrinin inkişafına qarşılıqlı dövlət səfərləri, dövlət rəsmiləri və multikultural dini ictimaiyyət nümayəndələri ilə məhsuldar və səmərəli görüşlər, heç şübhəsiz ki, böyük töhfə verir. Əlavə edib ki, Müqəddəs Taxt-Tacla Azərbaycan arasında dövlətlərarası münasibətlərin inkişafının dinlərarası əlaqələrimizin dərinləşməsinə rəvac verməsi təqdirolunası haldır. Dini mərkəzlər — Vatikanla Qafqaz Müsəlmanları İdarəsi arasında onilliklərə dayanan, Uca Yaradanın buyurduqlarına istinadən səmərəli dini-mənəvi münasibətlər dünya miqyasında dinlərarası dialoq prosesinə töhfə olan örnək nümunədir.

Ötən il oktyabrında Roma Katolik Kilsəsinin digər dinlərlə əlaqələrinin bünövrəsini formalaşdıran Nostra Aetat sənədinin 60-cı ildönümü münasibətilə Vatikanda təntənəli yubiley tədbirində Pontifiklə ilk görüşlərini xatırladan Şeyxülislam A. Paşazadə Roma Papasının şəxsi dəvəti əsasında baş tutan budəfəki görüşün xüsusilə əlamətdar olduğunu vurğulamışdır. Dəvətə görə təşəkkürünü bildirən QMİ sədri Müqəddəs Taxt-Tacla Azərbaycan arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə etmişdir. İlk dəfə Papa II İohann Pavelin Azərbaycana səfərini, Bakıda katolik kilsəsinin bünövrəsinin qoyulmasının gələn il 25 illiyinin tamam olacağını xatırladan Şeyxülislam A. Paşazadə Bakıda inşa olunan və Papa II İohann Pavelin adını daşıyacaq ikinci katolik kilsəsinin açılışına Papa XIV Leonun təşrif buyurmasını arzu etdiklərini ifadə etmişdir. Şeyxülislam A. Paşazadə qeyd etmişdir ki, gələn il – 2027-ci il Azərbaycanla Müqəddəs Taxt-Tac arasında diplomatik əlaqələrin qurulmasının 35 illiyinin, Ümummilli Lider Heydər Əliyevlə Müqəddəs İohann Pavel arasında ilk görüşün 30-cu ildönümü qeyd olunacağı ildə Roma Papasının ölkəmizə səfəri xüsusilə əlamətdar olar. Bununla əlaqədar Şeyxülislam A.Paşazadə Azərbaycandakı Dini Konfessiyaların Məşvərət Şurası adından Azərbaycana dəvət məktubunu Roma Papası XIV Leoya təqdim etmişdir.

Şeyxülislam Allahşükür Paşazadə 4 fevral tarixində Abu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevə 2026-cı il "Zayed İnsan Qardaşlığı" Sülh Mükafatının təqdim edilməsi mərasimində iştirak etdiyini və Roma Papası XIV Leonun laureatlara təbrik və xeyir-dua müraciətini böyük maraqla dinlədiyini bildirib. QMİ sədri qeyd edib ki, Azərbaycan və Ermənistan siyasi liderlərinin regionda sülh üçün böyük, davamlı səylər göstərdiyi bir zamanda erməni kilsəsinin bu prosesi tanımaması, Uca Yaradana xoş gedən sülhü dəstəkləməməsi təəssüf doğurur. Revanşist mövqedən çıxış edən erməni kilsəsinin dini abidələrinin dağıdılması ilə bağlı yaydığı məlumatların doğru olmadığını, Bakının mərkəzi hissəsində erməni kilsəsinin mövcudluğunu qeyd edən Şeyxülislam A. Paşazadə Pontifikin Azərbaycana səfəri zamanı bu reallıqları bilavasitə müşahidə edə biləcəyini vurğulamışdır.

Şeyxülislam A. Paşazadə Vatikanla Qafqaz Müsəlmanları İdarəsi arasında dinlərarası əməkdaşlıq müstəvisində münasibətlərin daha da dərinləşdirilməsinin vacibliyinə diqqəti çəkmiş, QMİ-nin Vatikanda nümayəndəliyinin təsis olunmasının bu prosesə böyük töhfə verə biləcəyini vurğulamışdır.

Görüşdə çıxış edən Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete Azərbaycanda fəaliyyət göstərdiyi 17 il ərzində ölkədəki dinlərarası münasibətlərin yüksək səviyyəsindən bəhs etmişdır. Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri MilixYevdayev Azərbaycanda hökm sürən etnik-dini harmoniya mühitindən və multikulturalizm modelindən bəhs edib. Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili multikultural Azərbaycanda alban-udilərin tarixi dini-mədəni irsinin qayğı ilə qorunub saxlanılmasından, dini abidələrinin Heydər Əliyev Fondu tərəfindən bərpa edilməsindən danışıb, Müqəddəs Ana kilsəsinin şəklini hədiyyə olaraq gətirdiyini bildirib. Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri Zamir İsayev, həmçinin, Azərbaycandakı tolerantlıq mühiti barədə məlumat verib.

Azərbaycanda dinlərin tarixini, dini abidələrini, ölkəmizdə hökm sürən dini harmoniyalı həyatı, tolerantlıq mühitini əks etdirən, işğal dövründə vandalizmə məruz qalmış İslam dini abidələri barədə ətraflı məlumatları ehtiva edən dəyərli nəşrlər Papa XIV Leo həzrətlərinə hədiyyə olaraq təqdim edilib.

Görüşdə Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov iştirak edib.

***

Roma Papası XIV Leonun şəxsi dəvəti ilə Vatikanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyilə Azərbaycandakı dini konfessiya rəhbərlərindən ibarət nümayəndə heyəti fevralın 9-da Vatikanın dövlət katibi Kardinal Pyetro Parolin ilə görüşüb.

Şeyxülislam A. Paşazadə Kardinal Pietro Parolinin Azərbaycanda ölkəmizin və xalqımızın yaxın dostu kimi tanındığını qeyd edib, Azərbaycan xalqının, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın salamlarını Kardinal Pyetro Parolinə yetirmişdir. Şeyxülislam A. Paşazadə Müqəddəs Taxt-Tacla əməkdaşlıq çərçivəsində Mehriban xanım Əliyevanın Prezidenti olduğu Heydər Əliyev Fondunun Vatikanda katakombaların bərpası, Vatikan muzeyi və Apostol kitabxanası ilə sıx əməkdaşlığını, Vatikan kitabxanasında Azərbaycan tarixinə dair arxiv əlyazmalarının rəqəmsallaşdırılmasını yüksək dəyərləndirmişdir. QMİ sədri Azərbaycan hökuməti və Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda yeni katolik kilsəsinin tikintisinin ölkəmizin multikultural siyasətinin bariz nümunəsi olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məqamlara dair fikir mübadiləsi aparılmış, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilmişdir. Kardinal P. Parolin xüsusi vurğulanmışdır ki, dinlərarası dialoq çox vacibdir və ən effektiv vasitədir. Kardinal P.Parolin Azərbaycanla Ermənistan arasında sülh prosesini alqışlayıb, bunun bütün region, dünya üçün mühüm hadisə kimi dəyərləndirib.

Şeyxülislam A. Paşazadə məmnuniyyətlə bildirib ki, kardinal Pyetro Parolin Azərbaycanın sivilizasiyalararası dialoq prosesində rolu, multikultural mühiti, dinlərarası səmərəli əməkdaşlıq və dövlət-din münasibətlərinin yüksək səviyyəsi barədə kifayət qədər məlumatlıdır. Əlavə edib ki, Azərbaycan dövləti və dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsi sivilizasiyalararası dialoq, dinlərarası əməkdaşlıq prosesinin fəal iştirakçısıdır və bu prosesə real töhfələr vermək iqtidarında və əzmindədir.

Şeyxülislam A. Paşazadə bildirmişdir ki, Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanın Vatikandakı səfirliyi ilə bərabər bu il Ramazan ayında – martın 9-da Vatikanda İftar mərasimi keçirmək niyyətindədir. QMİ sədri əlavə etmişdir ki, Kardinal Parolinin iştirak edəcəyi həmin İftar mərasimində Roma Papasının dünya müsəlmanlarına ənənəvi müraciətnaməsinin bu mübarək mərasimdə bəyan edilməsi olduqca dəyərli rəmz olardı.

Şeyxülislam A. Paşazadə qeyd etmişdir ki, Azərbaycan dövləti bu gün işğaldan azad olunmuş ərazilərimizdə şəhər və kəndləri bərpa edir, vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi irs nümunələrimizi, multikultural ənənələrimizə sadiq qalaraq bütün dinlərə məxsus abidələri - məscid, kilsə və məbədləri yenidən bərpa və inşa edir. QMİ sədri əlavə edib ki, kultursidə məruz qalmış ərazilərimizdə dini-mənəvi irsin bərpa və qorunması yönündə gördüyümüz işlərə Vatikanın dəstəyini bu illər ərzində hiss etmişik və buna görə minnətdarıq. Söhbət əsnasında Şeyxülislam A. Paşazadə erməni kilsəsi tərəfindən erməni dini abidələrinin guya dağıdılmasına dair yayılan məlumatların yalan, iftira olduğuna diqqəti çəkmişdir.

***

Fevralın 9-da Şeyxülislam A. Paşazadə Müqəddəs Taxt-Tacın Şərq kilsələri üzrə dikasteriyasının prefekti Kardinal Klaudio Qucerotti ilə görüşüb.

Səmimi şəraitdə keçən görüşdə Kardinalın uzun illər əvvəl ölkəmizdəki fəaliyyəti xatırlanıb. Kardinal Qucerotti Azərbaycanla Vatikan arasında mövcud əlaqələri yüksək dəyərləndirib. Bildirib ki, dünyada dini zəmində baş verən münaqişələrin genişlənməsi fonunda Azərbaycan hökumətinin həyata keçirdiyi multikulturalizm siyasəti, ölkədə müxtəlif dinlərin sülh şəraitində yaşaması sülhə ən böyük töhfədir. Şeyxülislam A.Paşazadənin dinlərarası əməkdaşlıq müstəvisində xidmətlərini yüksək dəyərləndirən kardinal Qucerotti QMİ sədrinin Roma Papası XIV Leonun şəxsi dəvəti ilə Vatikana səfərini olduqca vacib hadisə kimi qiymətləndirib. Görüşdə, həmçinin, Vatikanın Mədəniyyət və təhsil Dikasteriyasının prefekti Kardinal Xose Tolentino Mendonça iştirak edib.

Görüşlərdə Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili, Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri Zamir İsayev və Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov iştirak ediblər.

QMİ-nin Mətbuat Xidməti

 

* Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

 

Son xəbərlər

2026-02-10

Vatikanda daha bir tarixi görüş...

2026-02-07

Şeyxülislam A.Paşazadə Vatikana yola düşür...

2026-02-06

Şeyxülislam Zati-Aliləri cənab İlham Əliyevə "Zayed İnsan Qardaşlığı" ...

Qafqaz Müsəlmanları İdarəsi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzdir.

Links

  • president.az
  • azerbaijan.az
  • heydaraliyevcenter.az

Əlaqə Məlumatları

  • Bakı, Mirzə Fətəli küç. 7
  • c.muslim.b@hotmail.com

Top News

COP29 Global Summit Religious Leaders
5-6 November, 2024
The 29th session of the Conference of the Parties
November, 2024