VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu. Bakı, 28 oktyabr 2026-cı il
Bir Olan Uca Yaradanımızın Adı ilə!
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi möhtərəm Migel Anxel Moratinos cənabları!
Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli cənabları!
Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri
Ramin Məmmədov cənabları!
Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdüssəlam cənabları!
Dəyərli dövlət, din, elm və ictimaiyyət xadimləri, möhtərəm Beynəlxalq Forum iştirakçıları!
Sizləri Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda salamlamaqdan məmnunluq duyuram. Mötəbər qlobal tədbirdə iştirak edən bütün siyasi, ictimai və din xadimlərinə xeyirxah əməllərində Ulu Tanrıdan uğurlar diləyirəm.
Hörmətli Forum iştirakçıları! Azərbaycanın dünyada sivilizasiyalar və mədəniyyətlərarası dialoq mərkəzi və dinlərarası əməkdaşlıq məkanı kimi qəbul olunması, heç şübhəsiz ki, Zati-aliləri Prezident İlham Əliyev cənablarının uğurlu, müdrik dövlətçilik siyasətinin məntiqi nəticəsidir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu möhkəm mənəvi bünövrə üzərində təşəkkül tapmış müstəqil Azərbaycan bu gün uğurlu ideyalarını dünyaya təqdim etmək qüdrəti olan dövlətdir. Azərbaycanın Birinci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyevanın ölkəmizdə və beynəlxalq müstəvidə milli-mənəvi irsimizi yüksək səviyyədə tanıtmasına, ümumbəşəri dəyərlərə ənənəvi diqqət və himayəsinə bütün dünya şahiddir. İşğaldan azad etdiyimiz torpaqlarımızda dövlətimiz məscidlərimizlə yanaşı pravoslav və erməni kilsəsini, alban məbədlərini bərpa edir. Bu, Azərbaycan xalqının milli-mənəvi dəyərlərə qayğı və himayəsinin, multikultural dini irsini milli sərvət olaraq dəyərləndirən, onu dirçəldərək hifz edən Azərbaycanın tolerant dövlət siyasətinin təzahürüdür.
Hörmətli Forum iştirakçıları! Qafqaz Müsəlmanları İdarəsi dövlətimizin sivilizasiyalar, mədəniyyətlərarası dialoq işinə dəyərli fəaliyyətinə dini-mənəvi müstəvidə dəstək verir, bütün dinlərarası platformalarda yaxından iştirak edir. Bugünkü Forumun həmtəşkilatçısı - BMT Sivilizasiyalar Alyansı ilə əməkdaşlığımız yüksək səviyyədədir. Azərbaycan dövlətinin mədəniyyətlər və dinlərarası dialoq və əməkdaşlıq təşəbbüslərinə dəstəyinə görə BMT Baş Katibinin müavini, Sivilizasiyalar Alyansının Ali nümayəndəsi, İslamofobiya ilə mübarizə üzrə xüsusi elçi Migel Anhel Moratinos cənablarına dərin minnətdarlığımızı ifadə etmək istərdim.
Dünyanın aparıcı dini mərkəzi – Vatikan ilə qarşılıqlı əlaqələrimiz tarixində bu il Zati-müqəddəsləri Papa 14-cü Leo ilə görüşümüz xüsusi önəm kəsb edən hadisə oldu. Dini mərkəzlərimiz arasında əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edir. Vatikanla birgə Romada keçirdiyimiz İftar qardaşlıq süfrəsi artıq ənənəvi xarakter almışdır.
Mütəmadi, davamlı iştirak etdiyimiz qlobal platformalarda - Böyük İyirmilik Sammitləri ərəfəsində keçirilən Dinlərarası Forumlarda, Dünya və Ənənəvi Dinlərin liderlərinin Astana Qurultaylarında, Dinlər Sülh uğrunda təşkilatının illik toplantılarında və digər mötəbər forumlarda mədəniyyətlərarası dialoqun ayrılmaz tərkib hissəsi olan dinlərarası dialoq və əməkdaşlıq işinə öz töhfəmizi veririk. Fəxr edirəm ki, dinlərarası dialoq və məzhəblərarası anlaşma məkanı kimi tanınan ölkəmizin unikal təcrübəsi nümunə olaraq qəbul edilir. Əl-Əzhər Şeyxi, Böyük İmam Əhməd ət-Tayyibin rəhbərlik etdiyi Müsəlman Ağsaqqalları Şurasının nüfuzlu Bəhreyn Forumunda Azərbaycanın məzhəblərarası anlaşma modeli örnək olaraq qəbul olundu və beynəlxalq müstəvidə təşviq olunmaqdadır. Siz Forum iştirakçılarına müjdə vermək istərdim ki, Dini Liderlərin iki Ümumdünya Sammitinə evsahibliyi etmiş Azərbaycanda gələn il ölkəmizin İslam Əməkdaşlıq Təşkilatına sədrliyi çərçivəsində Müsəlman Ağsaqqalları Şurasının həmtəşkilatçılığı ilə dini liderlərin zirvə görüşünün keçirilməsi nəzərdə tutulur.
Hörmətli Forum iştirakçıları! Azərbaycan dinlər, mədəniyyətlərarası əməkaşlıq prosesinə Bakı Prosesi kimi dəyərli ideyanın müəllifi, bugünkü forumumuzun təşəbbüskarı, İnsan Qardaşlığına dair Beynəlxalq Zayed Mükafatının, Sülh və Barışığa dair Gernika mükafatının laureatı Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev cənablarının bəşəri ideya və təşəbbüsləri sayəsində ölkəmiz multikulturalizm və İslam həmrəyliyi prosesinə əməli töhfələr verməkdədir. Bu nailiyyətlərə dövlətimiz daxili monolitliyi, xalq-dövlət birliyi, dinlərarası harmoniya və məzhəblərarası anlaşma mühiti, milli dəyər və ənənələrlə yanaşı ümumbəşəri dəyərlərə ehtiram və qayğısı sayəsində nail olmuşdur. Bölgədə sülh istiqamətində səylərimizə rəğmən erməni kilsəsi, erməni diasporası və onların havadarlarının davam edən ksenofob, revanşist, separatist hədyanları, nifrət çağırışlarının öhdəsindən gəlmək iqtidarındayıq. Ölkəmizin nailiyyətləri, müstəqil siyasəti çoxlarını narahat edir. Biz, xaricdən yönləndirilən bütün növ təxribatlara, dövlətçiliyimizə, müstəqilliyimizə və mənəviyyatımıza ölkəmizin hüdudlarından kənardan uzanan dillərə layiqincə cavab verməyə qadirik və hazırıq. Sapı özümüzdən olan məkrli, xəyanətkar qüvvələrin qarayaxmalarına, hər hansı təxribatlara, ideoloji təhdidlərə qarşı xalqımız, dindarlarımız hər an ayıq-sayıqdır. Azərbaycan dindarları ölkəmizin uğurları, o cümlədən, mədəni-mənəvi-dini müstəvidə nailiyyətləri, himayə və diqqətindən fəxarət duyurlar və hər zaman dövlətin, dövlət başçımızın əməllərini təqdir edirlər. Dindarlar hər zaman dövlətimizin yanındadırlar. Dünya ictimaiyyəti tərəfindən örnək olaraq qəbul edilən həyat modelimiz müstəqil Azərbaycanın milli sərvətidir.
Hörmətli Forum iştirakçıları! Müxtəlif mədəniyyətlərin bir arada olması, bir-birindən bəhrələnməsini istəyən Bir Olan Yaradanımızın müqəddəs Qurani-Kərimdə buyurduğu kimi: “Hamılıqla Allahın Nuruna möhkəm sarılın və ayrılmayın” (Ali-İmran,103). Əminəm ki, 7-ci Mədəniyyətlərarası dialoq Forumu qloballaşan dünyanın müasir çağırışlarının, aktual problemlərinin həllinə Azərbaycan dövlətinin daha bir dəyərli töhfəsi olacaqdır, inşallah. Nüfuzlu Foruma öz xeyir-dualarımı bildirirəm. Qoy Uca Yaradan bugünkü xoşməramlı tədbirin işinə rəvac versin! AMİN!


