Astana, 7 oktyabr 2026-cı il
DÜNYA VƏ ƏNƏNƏVİ DİN LİDERLƏRİNİN
QURULTAY KATİBLİYİNİN 24-CÜ İCLASI
Uca Yaradanın Adı ilə!
Qazaxıstan Respublikasının Vitse-prezidenti
Zati-aliləri Yerlan Karin cənabları!
Astana Qurultayları Katibliyinin möhtərəm üzvləri!
Dünyanın nüfuzlu dini liderlərinin ənənəvi zirvə görüşü olan Astana Qurultayları beynəlxalq aləmdə öz önəmini iki onillikdən artıq müddət ərzində təsdiq etmişdir. Astana qurultaylarının müstəsna əhəmiyyəti dini liderlərlə siyasi, ictimai xadimlərin daimi fəaliyyətdə olan platforması olmasındadır. Belə bir bəşəri əhəmiyyətli ideyanın ərsəyə gəlməsi və davamlı mövcudluğunu təmin edən Qazaxıstan dövlətinə, onun müdrik siyasi rəhbərliyinə dərin minnətdarlığımı bildirmək istərdim. Zati-aliləri Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev cənablarının rəhbərliyi ilə Qazaxıstan tərəqqi və mənəvi inkişaf yolunda inamla irəliləyir. Qazaxıstan dövlətinin yeni parlamentinə - Qurultaya qazax dövlətçiliyi naminə fəaliyyətində nailiyyətlər diləyirəm.
Astana qurultaylarının Katibliyinin yeni rəhbəri - Qazaxıstan Respublikasının Vitse-prezidenti Zati-aliləri Yerlan Karin cənablarına səmimi salamlarımı və xeyir-dualarımı ifadə edirəm. Əminəm ki, Qazaxıstan dövləti dinlər və sivilizasiyalararası dialoqun inkişafı prosesində fəal rolunu bundan sonra da inamla davam etdirəcəkdir. Bu əsnada, Astana qurultaylarının Katibliyinə uzun illər sədrlik etmiş Maulen Aşimbayev cənablarına göstərdiyi dəyərli səylərə görə təşəkkürlərimi bildirirəm.
Hörmətli tədbir iştirakçıları! VIII Astana Qurultayının uğuru, qəbul etdiyimiz Sülh Bəyannaməsinin önəmi bizi yeni fəaliyyətlərə ruhlandırır. 2028-ci ildə keçiriləcək 9-cu Qurultayın bəşəriyyət üçün ən önəmli mövzu və məramları gündəmə gətirəcəyindən, dəyərli qərarlar verəcəyindən əminik. Qurultay Katibliyinin bugünkü iclası bu baxımdan böyük önəm kəsb edir.
Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə cəmiyyətin bütün zümrə və təbəqə nümayəndələrinin, o cümlədən, din xadimlərinin üzərinə böyük məsuliyyət düşür. İnsan qardaşlığı mühitinin inkişafı, nifrət çağırışlarının qarşısının alınması yönündə fəallığımızı artırmalıyıq. Dünyanın müxtəlif nöqtələrində günahsız insanlara qarşı zorakılıq hallarına son qoyulması üçün beynəlxalq hüququn qüvvə və imkanlarından istifadə etməliyik. BMT-nin 81-ci sessiyasında məhz etimadın bərpası devizinin əsas götürülməsi məhz bu qurumun effektivliyinin artırılması ehtiyacını ehtiva edir.
Bugünkü iclasımızın gündəliyinə İqlim dəyişiklikləri ilə mübarizədə dinlərin rolunun artırılması ilə bağlı qeyd etmək istərdim ki, COP 29 Bakı İqlim Sammiti çərçivəsində keçirdiyimiz Dini liderlərin zirvə görüşünün qəbul eydiyi Yekun sənəddə - Baki Bəyannaməsində biz bu mühüm məsələyə dair mövqeyimiz ifadə etmişik. Rəqəmsal texnologiyaların sürətli inkişafı dövründə süni intellektin həyatımıza hədsiz nüfuz etməsi ilə bağlı bildirməliyik ki, bu yeniliklərin həyatın bütün sahələrinə sərhədsiz sirayət etməsi, heç şübhəsiz ki, yeni imkanlarla yanaşı yeni problemlər yaradır. Ötən il Astana Qurultayında bildirdiyim kimi, ən mühüm olan mənəvi-etik hədlərin gözlənilməsi, yaranma ehtimalı yüksək olan fəsadların önlənməsi, ələlxüsus, süni intellektin ruhu olmadığı üçün onun insanı ibadət prosesində əvəz etməməsidir. Bu baxımdan, iclasımızda dini sahədə süni intellektdən istifadənin Etik kodeksinin təqdimatını yüksək qiymətləndirirəm. Müqəddəs Kitabımız Qurani-Kərimdə Uca Allah bizlərə buyurduğu kimi: «Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin» (Əraf, 56).
Astana Qurultayı Katibliyinin iclaslarının hər zamankı kimi yüksək səviyyədə təşkil olunmasına və qonaqpərvərliyə görə Qazaxıstan dövlətinə, onun rəhbərliyinə, məsul şəxslərə bir daha dərin minnətdarlığımı və ən xoş arzularımı yetirirəm. Uca Yaradan ölkələrimizdə daima sülh və əmin-amanlığı qərar versin, dünyanı hifz etsin! Amin!


