Müsəlman dünyası mübarək Qurban bayramını qeyd edir. İyunun 6-da Azərbaycanın hər yerində, o cümlədən işğaldan azad edilən ərazilərimizdə fəaliyyətə başlayan məscidlərdə bu münasibətlə bayram namazları qılınıb.
Təzəpir məscidində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə qılınan bayram namazında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna dualar oxunub. Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad olunub.
Dindarlar qarşısında çıxış edən Şeyxülislam həzrətləri xalqımızı mübarək Qurban bayramı münasibəti ilə təbrik edib, əmin-amanlıq, rifah və bolluq arzulayıb. QMİ sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi, Ordumuzun rəşadəti sayəsində ölkəmizin dünya dövlətləri arasında nüfuzu artır. Bu gün Azərbaycan bir çox sahələrdə, o cümlədən din-dövlət münasibətlərində dünyaya nümunədir. Müxtəlif dinlərə və mədəniyyətlərə sahib insanların qarşılıqlı anlaşma şəraitində yaşadığı Azərbaycanda məzhəblər arasında da münasibətlər yüksək səviyyədədir.
Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə məscid və ibadətgahlarımız təmir-bərpa olunur, işğaldan azad edilən ərazilərimizdə yenidən inşa olunan məscidlərimizdən azan səsləri ucalır, bayram namazları qılınır. Bütün bu işlər ölkə dindarları tərəfindən rəğbətlə qarşılanır, onların Azərbaycan dövlətinə inamını daha da artırır.
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!